Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Bu sahə hər zaman dövlətin diqqət və qayğısı ilə əhatələnib. Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmiş, ayrı-ayrı idman növləri üzrə güclü idmançılar yetişmişdir. Ulu öndərin hakimiyyətdə olduğu dövrdə ölkəmizdə bir çox sahələr kimi, idmanın da inkişafı istiqamətində mühüm işlər həyata keçirilmişdir. Bunun nəticəsində Azərbaycan əsl idman ölkəsinə çevrildi. Olimpiya hərəkatının inkişafına xüsusi önəm verən ümummilli Liderin diqqət və qayğısı nəticəsində idmançılarımız beynəlxalq arenalarda yüksək nailiyyətlər qazanıblar. Bu missiya bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 09 yanvar 2023 - cü il tarixdə ötən ilin idman yekunlarına həsr olunmuş mərasim keçirildi. Mərasimdə çıxış edən ölkə başçısı İlham Əliyev 2022 - ci ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu vurğuladı. İdmançılarımız beynəlxalq yarışlarda 800 - dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Əlbəttə ki, bu, böyük nailiyyətdir. Hal - hazırda dünyada idman sahəsində rəqabət artır. Bu səbəbdən hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Bir vaxtlar maddi çətinliklər səbəbindən neçə-neçə gənc respublikanı tərk etmişdir. O gənclər bu gün geri qayıdaraq ölkəmizin idman şərəfini uca tutub, üçrəngli bayrağımızı göylərə qaldırıblar. Artıq neçə illərdir ki, respublikamızda beynəlxalq səviyyəli yarışlar təşkil olunur. Azərbaycan müxtəlif beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilir. Dövlət başçısının əksər hallarda bu yarışları əyani olaraq izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması ən vacib məqam kimi vurğulanmalıdır. Cənab prezident idmançılarımızın Avropa çempionatlarında ölkəmizi ləyaqətlə təmsil etmələri, beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın nümayiş etdirdikləri performansı xüsusi qeyd etdi. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşdülər. Bu da öz növbəsində dövlətimizin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu qayğı, diqqət onlarda ruh yüksəkliyi oyadır. Tarixi Zəfərin qazanılmasında gənclərin, xüsusən, idmançı hərbçilərin rolu danılmazdır. Azad edilmiş şəhərlərin hər birində idman qurğularının, obyektlərinin yaradılması Baş plana daxil edilib. Bu gün Ağdamın məşhur “İmarət “stadionunun yeni layihəsi işlənilir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan bir dövlət kimi sağlam gələcək üçün lazım olan hər şeyi edir, azad olunmuş ərazilərin canlandırılması və abadlaşdırılması prioritet məsələ olaraq qalır. Dövlətin qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları öz işlərini birmənalı olaraq, Azərbaycan Respublikasında idmanın inkişafına sərf etmişdir. Onlar da dövlətdən dəstək alaraq öz işlərini Respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, gənc nəslin sağlamlığının qorunması və fiziki inkişafına nail olmaq, vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli gənclər yetişdirmək prinsipləri üzərində qurmuşlar. Dövlət başçısı Cənab İlham Əliyevin bu qayğı və diqqəti idmançıları yeni qələbələrə, yeni uğurlara səsləyir. İnanırıq ki, ölkəmizin bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurları davamlı olacaqdır. Sevda Məmmədova, Xocalı rayon gənci